Göndərilib: B. Sen. 23, 2007 12:34 am Mesaj mətni: Onu tanıyaq, Ona yalvaraq
Onu tanıyaq, Ona yalvaraq
Allah-Təalanın Quranda və Hədisdə bir çox adları var.
Bunların 99-u Hədisi-Şəriflərdə yer almışdır. Biz Allah-Təalanın adlarını ancaq Qurani-Kərimdən və Peyğəmbərimizin açıqlamalarından öyrənirik. Qurani-Kərimdə Allahın isimlərindən bəhs edərkən Əsmayi-Hüsna (yəni ən gözəl adlar) ifadəsi işlədilmişdir:
O Allah ki, Ondan başqa Allah yoxdur. Ən gözəl adlar Onundur. (Taha surəsi-8; Həşr surəsi-24)
Bu ayədən də göründüyü kimi, ən gözəl və ən yüksək mənalara gələn isimlər Cənabi-Haqqa aiddir.
Rəsulullah bir Hədisi-Şərifində belə buyurmuşdur:
Allahın 99 adı vardır. Bunları öyrənib sayan, Allah ilə münasibətində Əsmayi-Hüsnanın sərhədlərini mühafizə edib, o adlara gözəl riayət edərək qulluqda bulunan cənnətə girər.
Mömin Allah-Təalanı elə bu gözəl adları ilə tanıyar. Məsələn, bilər ki, Allah-Təala Rəhmandır. Yəni bütün yaratdıqlarına, inananlara, inanmayanlara mərhəmət edib, onlara nemət verəndir.
Bəndə bilər ki, Allah-Təala Saməddir. Yəni heç nəyə, heç kimə möhtac deyil. Hər kəs və hər şey ancaq Allah-Təalaya möhtacdır.
Bəndə bilər ki, Allah-Təala Səmidir. Yəni hər şeyi eşidəndir, danışdığımız sözləri də duyur, ürəyimizdən keçirdiyimiz fikirləri bilir.
Bəndə bilər ki, Allah-Təala Əzizdir. Yəni ən üstün qüdrət sahibidir. Hər zaman qalibdir.
Bəndə bilər ki, Allah-Təala Xaliqdir. Yəni hər şeyi yoxdan var edəndir. Bir dəfə “Ol!” deməklə istədiyini meydana gətirəndir.
Bəndə bilər ki, Allah-Təala Rəzzaqdır. Yəni bütün yaratdıqlarının ruzusunu verəndir. Allah-Təala bir canlı yaradanda onun ruzusunu da yaradır.
Bəndə bilər ki, Allah-Təala Alimdir. Yəni gizlidə, aşikarda olan hər şey Ona məlumdur. Allah-Təalanın bilmədiyi bir şey ola bilməz.
Bəndə bilər ki, Allah-Təala Adildir. Yəni ədalət sahibidir. Ondan ədalətli kimsə ola bilməz.
Bəndə bilər ki, Allah-Təala Qüddusdur. Yəni hər cür qüsurdan və nöqsanlardan uzaqdır. Hər yönü ilə mükəmməl olan, heç bir təsfirə sığmayandır, pakdır, tərtəmizdir.
Bəndə bilər ki, Allah-Təala Səlamdır. Yəni hər cür səlamətin, sağlığın qaynağıdır. Hər cür qüsurdan, ayıbdan, əksiklikdən uzaqdır, qullarını səlamətə çıxarandır.
Bəli, biz o mübarək adlardan (Əsmayi-Hüsna) cəmi bir neçəsinin qısa anlamını bildirməyə çalışdıq. Biz Allah-Təalanın o adlarına sığınaraq Ondan imdad diləməliyik. Bir şey istəyəndə, yalvaranda da Əsmayi-Hüsna ilə Allah-Təalaya üz tutmalıyıq. Aclar üçün dua edəndə “Ey Rəzzaq olan Allah!” - deyə yalvarmalıyıq.
Ehtiyacımıza, acizliyimizə çarə diləyəndə “Ey Saməd Allah!” - deyib çağırmalıyıq.
Ədalət axtaranda, işimizin doğru çözülməsini diləyəndə “Ey Adil Allah!” - deyib Onu səsləməliyik.
Allah adı isə Cənabi-Haqqın bütün ad və sifətlərini özündə toplayan, zatına dəlalət edən özəl bir addır.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.