mahsum_ Fəal İstifadəçi


Daxil ol: Jun 23, 2007 Mesajlar: 493 Şəhər/ölkə: baki 30512.3 Xal
|
Göndərilib: Ş. Yan. 05, 2008 2:31 am Mesaj mətni: BİR QURTUM SU |
|
|
Rəşad Nuri Güntəkin
- Bu gün hava çox gözəldir ata, məni gəzməyə apararsanmı?
- Yaxşı, Nevin... söylə maşın tapsınlar.
- Yox ata, mən piyada getmək istəyirəm. Keçən il bu gün qoruğun arxa tərəfindəki dar yoldan dəniz kənarına getmişdik. Yenə elə gedək.
- Yaxşı ancaq...
- Yorularam deyə qorxursan deyilmi ata? Nevin bir az xəstə oldu deyə zəiflədimi zənn edirsən? Mən yenə əvvəlki kimi yeriyə bilərəm. Bir az əvvəl evdə görə bilərdin. Pianoda çaldım, qərənfilləri suladım; hətta hovuzda köpəyi yudum. Artıq yaxşılaşıram, ata. Görəcəksən bir ay sonra əvvəlkindən daha güclü, daha şən, daha dəcəl bir qız olacağam.
İkindi günəşi, tünd qumral saçlarının qıvrımları içində zərli qıvırcıqlarla oynayır, süzgün, şəffaf üzünə bir az çəhrayılıq saçırdı.
- Gələn bahara səninlə uzaq bir səyahətə gedəcəyik deyilmi?
- Əlbəttə Nevin..
Həmid Bəy, qızının incə biləklərini ovuclarına qoydu. Aylardan bəri ilk dəfə gözlərinə baxmağa cəsarət etdi. Nevinin bir neçə mövsümlük ömrü qaldığını bilirdi. Qızının sarı xallı çöl bənövşələrinə oxşayan gözlərinə hər baxdıqda ona başabəla olan bir fikri vardı:
- Nevin öləcək.. Bütün ömrümü sevgisinə həsr etdiyim bu tazə gözəl gözləri bir zaman sonra busələrimlə qapamaq lazım gələcək.
Həmid bəy həkim idi. Ancaq onda bir həkimdən çox bir siyasətçi ruhu var idi. Gəncliyinin ilk illərini həbsdə, sürgündə keçirmişdi. Bununla birlikdə o, bu məsləkdə səbat edəcək insan deyildi. Çox dürüst və mətin bir əxlaqı vardı. Bu təsirlər altında siyasət həyatını adi, bütün o mücadilələri, dedi-qoduları lüzumsuz və səfil görməyə başladı. Həyatının bu ikinci mərhələsində Həmid bəy, “sərbəst fikir” həvarisi oldu. Hərdən bir məsləkdaşları ilə müzakirə edərdi. “idarələri dəyişdirmək nəyə yarayar? Hər şeydən əvvəl ruhları dəyişdirmək lazımdır. İnsanlar batil etiqadların altında yaşadıqca yaxşı, məsud ola bilməzlər. Mən xariqüladə bir doktor olmaq, insanlıq üzərində böyük bir əməliyyat aparmaq istəyərdim. Qəlb deyilən əzab yatağını qoparıb atmaq, xəyal deyilən mənbəyi qurutmaq... insanlar ancaq o zaman xoşbəxt ola bilərlər. Bu şərait içində doğulan, yaşayan, ölən bir insanın səadətini düşünün. Hər uşaq, bir qaranlıq aləm kimi doğulur. Fikirlərin bərraq məşələsi yavaş-yavaş yanır. Həyat, bu işıqlar içində bir şənliyə bənzəyir. Sonra bir gün ələm, əzəl düşüncəsi, əbədiyyət narahatçılığı... Nə olduğunu bilmədən bu ziya aləminə gözlərinə qapayır.”
Doktor Həmidin quru, əsəbi, maddi nəzəriyyələri ətrafındakıları bir az qorxutmuşdu. Ancaq dürüst ruhu, inkar etdiyi qəlbindən gizli bir mənbə kimi sızan riqqət və şəfqəti, ona anlaşılmaz bir cazibə verirdi. Xanımı, vəfat etdiyi zaman qırx yaşında idi. Qızı Nevin, on iki yaşında yetim qalmışdı. Yenidən bir ailə yuvası qura bilərdi. Ancaq hələ gənc olmasına baxmayaraq içində anlaşılmaz bir yaşamaq yorğunluğu var idi. Həyatını Nevinə həsr etməyə qərar verdi. Öz nəzəriyyələrini uşağa tətbiq edəcək, onu etiqadsız, açıq vicdanlı, məsud, maddi bir gənc qız kimi yetişdirəcəkdi. İlk işi, uşağını xəyala bənzər hekayələr danışan mürəbbiyəsi ilə evdəki uşaqlara yaşıl rəngli baş örtüləri örtdürüb ilahilər oxudan xoca xanımdan ayırmaq oldu.
Bu uşaq ruhuna daha yaxşı bələd olmaq üçün o da uşaq olur, saatlarla Nevinlə oynayır, sonra kiçik qızı dizinin üstünə qoyaraq ona yavaş-yavaş fikirlərini təlqin edirdi.
Nevin, on səkkiz yaşına gəlmişdi. Atasını bir məbud kimi sevirdi. Açıq fikirli, yaxşı əxlaqlı bir gənc qız olmuşdu. Halı, davranışı bir az uşağa oxşayırdı. Ancaq fikri, ruhu etibarilə digər qohum uşaqlarından tamam başqa idi. Həmid bəy, “gözəl əsərim” deyib onunla iftixar edirdi. Fəqət bu “gözəl əsər”in bir şeyi əskikdi: şənlənmə və əməl. Nevin qışın axırından bəri xəstə idi. Bütün tədbirlərə baxmayaraq gündən-günə irəliləyən bir vərəmi var idi. Dünya, Həmid bəyin başına yıxılmışdı. Ancaq onun ata olaraq bir vəzifəsi də var idi: uşağını ölənə qədər məsud etmək! Hərdən bir onu torpağa tapşırdıqdan sonra boş evinə qayıdacağı gecəni düşünürdü. Elə zənn edirdi ki, Nevinin bütün arzuları yerinə yetsə o gecənin ağrısına daha məzlumanə dözəcək. Fəqət Nevin heç bir şey istəmirdi. O, nə təklif edərsə gözlərini aşağı salır: “Sən bilərsən ata” deyirdi.
Ağacların arasındakı dar yoldan dənizə gedirdilər. Nevin, baş örtüsünü çiyninə salıb, qıvırcıq uşaq başı, axşam günəşinin içində daha sarı, gözləri daha tazə və məsud, atasının qarşısında gedirdi.
Bir daş yığınından ibarət yosunlu bir çeşmə başında iki kasıb qız uşağına rast gəldilər. Böyüyü on iki, kiçiyi yeddi yaşlarında idi.
Kiçik qız, əlindəki dəmir qaba çeşmədən su doldurmuş, qorxa-qorxa Nevinə yaxınlaşmışdı.
Həmid bəy gülümsədi, jiletinin cibindən bir neçə quruş çıxarıb uşağa uzatdı.
- Al qızım, su istəmirik.
Qız, pulu götürmür, anlaşılmaz bir inadla suyu uzadırdı.
Həmid bəy, qızın böyük bacısı ilə danışmağa başladı:
- Bacın niyə mütləq su vermək istəyir?
O, utancaq bir təbəssümlə cavab verdi:
- Bizim anamız öldü, yaxınlıqdakı bu məzarda yatır. Molla dedi ki, ölülər, gecə susuzluqdan yanarlarmış... Dünyada qalan uşaqları, susamışlara su verirsə onlar da sərinləyərmiş. Yolçulara su verdiyimiz gecələr, anamız, yaşıl duvaqlarla Ayşənin yuxusuna girir, elə deyilmi Ayşə?
Nevinin yubkasını hələ buraxmayan kiçik qız, başını yelləyərək gülümsədi. Böyük bacısı davam etdi. “Bu gün buradan heç kim keçmədi. Artıq gedək” deyirəm. Ayşə, “Anamız susuz nə edər?” deyə ağlayır.
Nevin, kiçiyin üzünü yaxından görmək istər kimi yerə çöməldi. Həmid bəy, onun dolçanı götürdüyünü, müqəddəs bir şey öpər kimi dodaqlarına apardığını gördü, dərhal biləyindən tutdu:
- Nə edirsən, Nevin, bu pis suyu içmək olarmı? Xəstələnəcəksən?
Nevin yavaş-yavaş ağlayaraq:
- Burax ata, dedi. Ayşənin anası da mənim anam kimi susuz yanmasın.
- Nə danışırsan, Nevin, bunu sənin ağzındanmı eşidirəm? Sən axı sərbəst fikirli qızsan.
Gənc qız ağlamağa davam edirdi:
- Nəyimə lazımdı, madam ki Ayşə inanır!
Həmid bəy, ağappaq olmuşdu. Nevinin solğun yanaqlarından axan yaşlar, dolçadakı bulanıq suya qarışır, incə dodaqlarının kənarından sızan boğuq hıçqırıqlarla titrəyən boynuna, sinəsinə damlayırdı. Həmid bəy, artıq dolçanı onun əlindən almağı düşünmürdü. Ona elə gəlirdi ki, Nevin, bu suyu bir xülya və təsəlli irmağından içir. Özünün bütün şəfqəti, onu bu bulanıq su qədər məsut etməmişdi. Nevin, bu sudan içdikdən sonra xoşbəxt öləcək.
Nevin, çeşmədən ovuclarına su götürərək üzünü yuyur, fəqət göz yaşları dayanmaq bilmirdi.
Həmid bəy qorxaq, utancaq bir qəm-kədərlə onun əllərini tutdu:
“Bu ovuclardan mənə də su içirt, Nevin, bizim ölülərimiz də susuz qalmasın.” dedi.
Həmid bəy bir neçə ay sonra torpaq olacaq bu kiçik ovucların suyunu içərkən başqa bir həyata doğulduğunu hiss edirdi. Gənc qız, boğuq hıçqırıqlarla ağlayaraq atasının boynuna sarılır, onu titrək, islaq dodaqları ilə dayanmadan öpürdü.
- Ata, artıq könüllərimizi bir-birimizə aça bilərik. Sənə bütün ruhumu danışacağam. Anam öləndə nə qədər ağladığımı bilirsən. Ancaq indi anlayıram, o göz yaşlarında nə ağır, nə doyulmaz ləzzət vardı? Nə zaman bir əzvay ağacının, bir günlük hissəsi yansa, hələ də anamın öldüyü günü, bütün o ləzzətli zəhərlə duyuram ata! Ah o gün... yaşlılar, yeniyetmələr, kiçik uşaqlar, bir-birlərinə sarılıb ağlayırdı. Bütün ev bir tək ağlayan, inləyən ruh olmuşdu. Hətta ölən, bizimlə birlikdə idi ata! Bütün bu qan, ruh, sevgi rabitələri ilə əlaqəli insanların dünya kimi axirətdə də ayrılmayacağına inanırdım. Mürəbbiyəmin hekayələri, xocamın sözləri arasından mən də anamın, Ayşənin anası kimi, cənnət bağlarında yaşıl duvaqlarla gəzdiyini görürdüm. Digər qızlar, xocamın önündə başlarında yaşıl rəngli baş örtüləri ilə yanıq ilahilər oxuyarkən, sən məni onlardan ayırdın... Bu dünyada qapanan gözlərin bir daha açılmayacağını, bütün bu bir-birini sevən, bəzən bir-birilərindən ağrılı xatirələrlə ayrılan insanların ayrı-ayrı məzarlarında çürüdüklərini söylədin. Əvvəlcə sənə inanmırdım, ata... Fəqət sənin şübhələrin mənim qəlbimi də gəmirməyə başlamışdı.
Bir gecə Çamlıcadan qayıdırdıq.. Mənə göyü, Ağ yolu, ulduzları göstərdin... Bu göylərin bomboş, hətta oradakı işıqların belə bizim gözlərimizin vahiməsindən başqa bir şey olmadığını söylədin. O gecədən sonra mənim bütün kainatım, bütün ümidlərim yıxılırdı. Bu dünyaya gözlərini qapar qapamaz, başqa aləmə gözlərini açacağına, orada bütün sevdiklərini, sevgilərini tapacağına inanan bir qız uşağı üçün ölənlərin ayrı-ayrı məzarlarda çürüyüb getdiklərini düşünmək...
Bu ümidsizliyə illərlə vərdiş edə bilmədim. İllərlə ümidsiz və sabahsız ölümün ağrısını çəkdim. Anam kimi, bütün sevdiklərim kimi səni də itirəcəkdim. Artıq gözlərimiz bir-birinə baxmayacaq, bir-birimizi sevməyəcəkdik.
Nəhayət istədiyin kimi bir qız oldum ata! Zehni ilə yaşayan, dürüst vicdanlı qız... Artıq heç nəyə inanmırdım. Ətrafdakılara qarşı bir qürurum vardı. Fəqət nə həzin qürur!
Sən, bu qədərlə də kifayətlənmədin, ata... Sevgidən, vəfadan, dünya üzündə doğulub ölməsinə yavaş-yavaş vərdiş etdiyim şeylərdən də şübhə edirdim. Bir-birini anlayıb sevməyən, bir-birlərinə qarşı sadə insanlıq vəzifəsini yerinə yetirməklə kifayətlənən insanlarla, sadə fikirlərin məşələsi ilə dolan dünya, mənə kafi etmirdi. Mən öləcəyəm ata, bunu gizlətməyə lüzum yoxdur... Məni hansı təsəlli ilə məzarıma göndərəcəksən?.. Bununla birlikdə ölümümə o qədər kədərlənmə ata... inanmaq və sevmək ehtiyaclarını itirmiş bir insanın vaxtından əvvəl ölməsinə nə üçün kədərlənməli?
Nevin, atasına bunları söyləmədən öldü. Həmid bəy, bu şikayətləri onun indi ölmüş dodaqlarının xəyalında duyur. Yaşlı doktor, o tənha qoruq yolundakı çeşməni təmir etdirdi. Hər axşamüstü orada gəlib oturur. Kəndli uşaqlarını, səyyahları, yollarından dayandıraraq bu çeşmədən bir qurtum su içmələri üçün yalvarır. _________________ SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR |
|