Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27273.6 Xal
Göndərilib: ç.a. Yan. 22, 2008 1:56 am Mesaj mətni: Balaca kitabxana-Əsərlər, şerlər və s.....
Gəlin balaca bir kitabxana yaradaq. Buraya əsərlərimiz haqqında, onların məzmunlarını, qısaca da olsa bildiklərimizi yazaq və məlumatlanaq. Şərt deyil ki, sırf öz əsərlərimiz, müxtəlif yerlərin yəni hansı əsər haqqında məlumtınız varsa xahiş edirəm, bura yazasınız. Nəinki əsər hətta şer, qəzəl, rübai və s. ümumilikdə maraqlı bir kitabxana yaradaq.
Istəyirəm bəri başdan burda yazılanların hamısını siyahıya alam və yazdıqca bu siyahını davam etdirəcəm:
ANAMIN KİTABI- Cəlil Məmmədquluzadə
ABBAS VƏ GÜLGƏZ dastanı
ŞAH İSMAYIL dastanı
AŞIQ QƏRİB dastanı
VƏBA (LA PASTE)- Albert Kamü
ŞİKAYƏTNAMƏ- M.Füzuli
STUDENTLƏR- Y.V.Çəmənzəminli
QAN İÇİNDƏ- Y.V.Çəmənzəminli
İTİRİLMİŞ CƏNNƏT (PARADİSE LOST)- Con Milton
YARPAQLARIN FACIƏSI- Çarles Bukovski
UŞAĞIM- Mirzə Ələkbər Sabir
HEKAYƏTİ-MOLLA İBRAHİMXƏLİL KİMYAGƏR- M.F.Axundzadə
HEKAYƏTİ - MÜSYÖ JORDAN VƏ DƏRVİŞ MƏSTƏLİ ŞAH- M.F.Axundzadə
HEKAYƏTİ-XIRS QULDURBASAN- M.F.Axundzadə
HEKAYƏTI – VƏZIRI – XANI – LƏNKƏRAN-M.F.Axundzadə
HƏKAYƏTİ - MƏRDİ - XƏSİS (HACI QARA)- M.F.Axundzadə
MÜRAFİƏ VƏKİLLƏRİNİN HEKAYƏTİ- M.F.Axundzadə
CEVİZ AĞACI- Nazim Hikmət
BİR SƏS- Səməd Vurğun
HƏYAT FƏLSƏFƏSİ- Səməd Vurğun
HAYIF Kİ, YOXDUR- Molla Pənah Vaqif
PƏRİ- Molla Pənah Vaqif
QƏZƏL- Nizami Gəncəvi
BAYRAM OLDU- Molla Pənah Vaqif
DEYİLMİ?- Bəxtiyar Vahabzadə
GÖR NECƏ GÜCLÜSƏN- Bəxtiyar Vahabzadə
LAYLA- Abdulla Şaiq
NİŞANLI QIZ- Abdulla Şaiq
KEÇİ- Abdulla Şaiq
UŞAQ VƏ DOVŞAN- Abdulla Şaiq
NƏ İŞİM VAR?!- Mirzə Ələkbər Sabir
Birinci özüm başlayıram....Sevdiyim əsərlərdən biri...
ANAMIN KİTABI "Anamın kitabı"- 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb.
Cəlil Məmmədquluzadənin bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.
Əsərin əsas surətləri bir atanın, bir ananın övladları olan üç qardaşdır: Rüstəm bəy, Mirzə Məmmədəli və Səməd Vahid. Bu qardaşlar ilk növbədə geyimləri ilə fərqlənirlər. Rusca ali təhsil almış Rüstəm bəy "intelligent" paltarındadır, yəni pidjak və jilet geyib, qalstuk taxır. İranda oxumuş Mirzə Məmmədəlinin başında uca İran börkü, əynində uzun İran geyimi.. İstanbulda oxumuş Səməd Vahid isə başına qırmızı fəs qoymuşdur. Qardaşların geyimləri kimi zövqləri, dünyagörüşləri də fərqlidir. Ataları mərhum Əbdüləzim vətənpərvər və qeyrətli bir kişi olduğu halda , oğlanları milli ənənələrdən tamam uzaqdılar, demək olar ki, yaddırlar. Onlar təhsil aldıqları dillərə meyl göstərirlər Onlar o qədər fərqlidilər ki, bir ailədə, bir otaqda belə qalıb işləyə bilmirlər. Qardaşların bütün günü evdə kitab oxumaları hökümət nümayəndələrini şübhəyə salır. Senzor Mirzə Cəfərin bu 3 qardaşın kitablarını yoxlamaq üçün gəlişi səhnəsində onlar arasında daha bir neçə fərq olduğu anlaşılır. Məlum olur ki, qardaşların soyadları müxtəlifdir, kitabları da bir-birindən fərqlənir. Rüstəm bəy Əbdüləzimovun kitabları lüğətlərdən ibarətdir, Mirzə Məmmədəli xələfi-mərhum Əbdüləzimin kitabları günün tutulması haqqında, Əbdüləzimzadeyi- Səməd Vahidin kitabları isə "həpsi əşardır"- yəni şer və əruz haqqındadır.
Əsərdəki hadisələr son nəticədə Vətəni təmsil edən Ananın, yəni Zəhrabəyim surətinin üzərində mərkəzləşir. Oğullarının bir-biri ilə dil tapa bilməmələri ananı dərdə salır. Ananın sözlərinin təsirsiz qaldığını görən Gülbahar qardaşlarının bir-biri ilə yadlaşmasında onların kitablarını günahkar bilir. Buna görə də o həmin kitabları yandlıraraq, anasının qoynunda gəzdirdiyi vəsiyyəti oxuyur. Müəllifin "Anamın kitabı" rəmzi adını verdiyi bu kitab əslində Vətənin kitabıdır. Kitabda ata öz övladlarına Ana ətrafında birləşməyi vəsiyyət edir.
Cəlil Məmmədquluzadənin "Anamın kitabı"pyesi yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Düzəldin: Anel, son düzəliş: C. Apr. 04, 2008 3:59 pm, cəmi 8 dəfə
"ABBAS VƏ GÜLGƏZ" dastanı.
Abbas və Gülgəz dastanı Aşıq Abbas Tufarqanlının qoşmaları əsasında yaranmışdır. Dastanda Aşıq Abbasın Gülgəz adlı bir qızı sevməsindən danışılır. Şah Abbasın pəhləvanı Dəli Becan aşığın sevgilisini zorla isfahana aparır. Aşıq da İsfahana gələrək, sözün və sazın gücü ilə sevgilisinə qovuşur.
*******************************************************************
"ŞAH İSMAYIL" dastanı.
Çoxları dastanın adından elə başa düşürlər ki, bu dastan Şah İsamyıl Xətaiyə aiddir, amma elə deyil.
Bu dastanda məhəbbət və qəhrəmanlıq mövzusu vəhdətdə götürülmüşdür. Dastanın qəhrəmanı İsamyıl igid və qorxmaz bir insan kimi təsvir olunur. O, sevgilisinə qovuşanadək bir çox çətinliklərlə üzləşir. İsmayılın atası qorxaq və qəddar Zülal şah oğlunun gözlərini çıxartdırır. Lakin İsmayıl sağalır və atasını öldürərək şah taxtına sahib olur. Dastan bu cür nikbin sonluqla bitir.
Dastandakı əsas surətlərdən biri də Ərəbzəngidir. Kişilərdən vəfasızlıq görən bu qadın yol kəsərək intiqam alır. Ərəbzəngi Şah İsmayıla məğlum olandan sonra onun ən yaxın silahdaşına çevrilir.
**********************************************************************
"AŞIQ QƏRİB" dastanı.
Aşıq qərib dastanı təbrizli aşıq Qəribin qoşmaları və başına gələnlər əsasında yaranmışdır. Dastan əsl adı Rəsul olan yoxsul aşıqla tiflisli varlı tacir qızı Şahsənəmin məhəbbətindən bəhs edir. Eşqi yolunda doğma Təbrizdən uzaq düşən aşıq Qərib uzun ayrılıqdan sonra sözün və sazın gücü ilə sevgilisinə qovuşur.
Dastanda təbrizin gözəlliyindən bəhs edən qoşma vardır. Məşhur rus şairi M. Y. Lermontov bu dastan əsasında "Aşıq Qərib" əsərini yazmışdır.
*********************************************************************** _________________ Blogum: Mürəkkəb dolu qələm.
XVI əsrin sonlarında, XVII əsrdə yaranan "Koroğlu", "Abbas və Gülgəz", "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Tahir və Zöhrə" kimi dastanlar bu dövrdə şifahi xalq ədəbiyyatının geniş yayıldığını sübut edir. _________________ Blogum: Mürəkkəb dolu qələm.
20 əsr yazıçısı, nobel ədəbiyyat mükafatına layiq görülmüş, absurdizm fəlsəfəsinin tanınmış davamçılarından Albert Kamü - nün Vəba adlı əsəri onun ilk ən məşhur əsəridir. İkinci dünya müharibəsi illərində yazılmışdır.
Bildiyimiz kimi Vəba xəstəliyi vaxtilə xüsusən Avropada, Asiyada yayılmış xəstəlik olub. "Qara yara" (taun) adı ilə də tanınır.
Yazıçı bu əsərdə Oran şəhər əhalisinin bu xəstəlikdən əziyyət çəkməsindən yazır. Oran Əlcəzairdə dənizə çıxışı olan port kənarında şəhərdir.
Epidemiyanın qarşısını almaq məqsədilə meriya şəhəri təcrid şəraitində saxlamaq qərarına gelir.
Beləcə insanların qohumları ilə əlaqələri kəsilir. Port vasitəsilə də qaça bilmirlər.
Əsərin baş qəhrəmanları :
Rieux (Ryö) - həkim,
Castel - Rieux - nün iş yoldaşı, o da həkimdir,
Rambert - Parisdən gəlmiş jurnalist, əvvəlcə şəhərdən çıxıb getməyə cəhd etsə də, sonradan qalıb digərlərinə bu mübarizədə kömək edir,
Tarrou (Taru) - mübarizənin fəal iştirakçılarındandır, gündəliyində baş verənləri qeydə alır, sonda xəstəlik onun da canını alır, ölərkən yazdığı gündəliyini Rieux - yə verir,
Cottard - yaranmış vəziyyətdən istifadə edərək şəhərdə qaçaqmalçılıqla məşqul olur, epidemiya çəkildikdən sonra o həbs olunur və havalanır
Père Paneloux (Panlu Ata) - keşişdir, onun fikrincə vəba Allahın bir cəzasıdır
Grand - meriya işçisidir, bir ara o da xəstəliyə tutulur lakin sağalır
Onlar hamısı ələ - ələ verib birlikdə şəhəri bu epidemiyadan qurtarmağa çalışırlar və sonda buna nail olurlar.
"Vəba" tragediyası, alleqorik əsərdir, abstrakt bir şeyi konkret bir şeylə əvəz edir. Bu əsərində Albert Kamü əslində ikinci dünya müharibəsində tüğyan edən nazizmi göstərmək istəyir. Nazizm burada xəstəlik kimi təmsil olunur (infeksiyon siyasət).
Xəstəlikdən əziyyət çəkən xəstələr yəhudilər (ikinci dünya müharibəsində təqiblərə məruz qalmış xalq olaraq) və nazistlərin digər qurbanlarıdır, xəstəliklə mübarizə aparan əsərin personajları isə "Müqavimət hərkatı" nın üzvləri kimi təmsil olunur. Müqavimət (La Résistance) hərəkatı ikinci dünya müharibəsində "Roma -Berlin - Tokyo" nazist - faşist ittifaqına qarşı Fransada fəaliyyət göstərən gizli şəbəkələrə və qruplara verilən ümumi addır.
Əsərin sonunda həkim Rieux deyir : vəbanın kökü tam kəsilməyib, o unudulsa da ola bilsin ki nə vaxtsa yenidən qayıdıb gələcək (nazist ideologiyası kimi).
Həqiqətən də belədir ikinci dünya müharibəsi bitdi, digər müharibələr başladı həyat var olduqca müharibələr də olacaq
diqqətinizə görə çoxsağolun
mövzuya görə təşəkkür edirəm Anel,
digər əsərlərdən də yazmaq istərdim lakin vaxt məhdudluğuna görə çox üzr istəyirəm,
yavaş - yavaş yazmağa çalışacağam
xarici ədəbiyyatla başladığım üçün də üzrlü hesab edin
Fidan sən də çoxsağol . Həm diqqətə, həm də iştirakın üçün mən də minnətdaram. O vaxt məhdudluğu məndə də olduğuna görə səni yaxşı başa düşürəm, mən də çalışacam ki, yavaş-yavaş əsərlərdən buraya yazam.
O ki, qaldı dünya ədəbiyyatına məncə üzrə heç ehtiyac yoxdur. Şəxsən mənimçün çox maraqlıdır. Əlbəttə ki, öz ədəbiyyatımızı bilməli, maraqlanmalıyıq. Amma bununla yanaşı dünya ədəbiyyatını da bilmək vacibdir. Çünki ədəbiyyat ədəbiyyatdır. _________________ Blogum: Mürəkkəb dolu qələm.
"ŞİKAYƏTNAMƏ" "Şikayətnamə" Məhəmməd Füzulinin ana dilində yazdığı nəsr əsəridir.
Nişançı paşaya məktub adı ilə tanınan bu əsərin məzmunu Füzulinin tərcümeyi-halı ilə bağlıdır. Sultan Süleyman Qanuni Füzuliyə ayda 9 ağça təqaüd təyin edilməsi haqqında barat (yəni-təqaüd kağızı) göndərir. Lakin övqaf (vəqf) idarəsinə gələn şair həmin təqaüdü ala bilmir. Övqaf idarəsində məmurların sərt rəftarı şairi incidir və o, Nişancı paşaya ünvanladığı satirik məzmunlu bu məktubunu yazır.
Şikayətnamə şərti olaraq giriş və üç hissədən ibarətdir. Nəzmlə yazılmış kiçik girişdə şair təqaüd almaq arzusuna düşdüyü üçün peşman olduğunu bildirir:
Bilmədim ki, şikəstəhal oluram,
Həsəd əhlinə payimal oluram.
1-ci hissədə: "Sultan Allahın kölgəsidir, ondan kənar qaçmaq səhvdir" deyən şair hökmdardan gələn baratı təsvir edir.Əsərin əsas məzmunu 2-ci hissədə verilmişdir. Burada övqaf idarəsindəki məmurlar təsvir edilir və şairin onlarla söhbəti verilir. İdarədəki məmurların baxışları soyuq, ürəkləri hiylə ilə doludur. Bunu görən şair yazır:
"Salam" verdim, "rüşvət deyildir", –deyə almadılar. Hökm göstərdim, "faydasızdır", -deyə mültəfit olmadılar.
Daha sonra şairin məmurlarla söhbəti dialoq şəklində verilir. Füzuli: "Katibləri razı etmişiz", -deyən məmurların özbaşnalıq və rüşvətxorluğunu kəskin ifşaedici bir üslubla təsvir edir.
Əsərin 3-cü hissəsində kor-peşman evə qayıdan şairlə barat arasındakı münasibətdən danışılır. Şair istehzalı bir şəkildə yazır ki, mən bu barata görə təhqir olunduğum üçün ondan utanırdım. Barat isə faydasız olduğu və mənə əzab verdiyi üçün xəcalət çəkirdi. Qafiyəli nəsrlə yazılmış "Şikayətnamə" ədəbiyyatımızda satirik nəsrin gözəl nümunəsi sayılır. Yüksək dəbdəbəli üslubda yazılmış əsərin dili qəliz və çətindir. Əsərdə kiçik şer parçaları da vardır. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Doğrusu heç mən də xatırlamıram ki, neçənci sinif idi, bir o yadımdadır ki, mənim xatırladıqlarımın çoxu 10-11-ci siniflərdə və ondan sonra oxuduqlarımdır . Əslində belədir ki, aşağı sinifdə nə keçilirdisə demək olar ki, yuxarı siniflərdə də geniş şəkildə təkrarlanır.
Həqiqətən də Füzulinin bu sözlərini unutmaq çətindir. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27273.6 Xal
Göndərilib: C.a. Yan. 24, 2008 12:25 am Mesaj mətni:
"STUDENTLƏR".
"Studentlər" Yusif Vəzir Çəmənzəminlinin həcmcə ən böyük romanıdır. Əsər oktyabr çevrilişi ərəfəsində xaricdə təhsil alan Azərbaycan gənclərinin həyatından bəhs edir. Romanda göstərilir ki, bu gənclərin bəziləri, yəni Əhməd, Salman inqilabi hərəkata qoşulurlar. Əsərin digər iki qəhrəmanı - Əli və Rüstəm isə öz xalqının tarixi keçmişi haqqında düşünürlər. Romanda əsas surət Rüstəmdir. Həssas və ziddiyətli surət olan Rüstəm müharibələrə, işğallara qarşı çıxır və daha çox öz xalqının taleyi, gələcəyi haqqında düşünür.. _________________ Blogum: Mürəkkəb dolu qələm.
"QAN İÇİNDƏ"
"Qan içində" romanı (1936-1937-ci illər). Müəllifin özünün romana verdiyi ad "İki od arasında" olmuşdur. Bu adla müəllif Qarabağ xanlığının bir tərəfdən İranın, digər tərəfdən çar Rusiyasının işğalına məruz qalmasına işarə etmişdir. Roman yazıçının sağlığında çap olunmamışdır. 1968-ci ildə romanı nəşrə hazırlayan professor Əkbər Ağayev ona Qan içində adını vermişdir. Buna səbəb senzuranın romanın əvvəlki adı ilə çap olunmasına icazə verməməsi idi.
Romanın mövzusu XVIII əsrin II yarısında Qarabağ xanlığının tarixindən götürülmüşdür. Əsərin ideyası vətənpərvərlik, vətənin müstəqilliyi və azadlığıdır.
Romanın əvvəlində yazıçı iki tarixi əsərdən epiqraf gətirmişdir: Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sindən və Mirzə Camal Cavanşirin "Qarabağ tarixi"ndən.Birinci əsərdə Qarabağ xanlığının təşəkkül tarixindən, tərkib hissəsindən, ikinci əsərdə isə Pənahəli xan və İbrahimxəlil xanın hakimiyyəti illərində xanlığın xarici işğalçılara qarşı mübarizəsindən bəhs olunur. Ümumiyyətlə Yusif Vəzir bu romanı yazarkən 25 elmi və tarixi əsərdən istifadə etmişdir. Əsərdəki İbrahimxan, Molla Pənah Vaqif, Vidadı, Ağaməhəmməd şah Qacar, Mirzə Camal, II İrakli, Ağabəyim ağa tarixi şəxsiyyətlərdir.
Roman 3 hissədən ibarətdir. Hər hissədə 20-22 bölüm var. Roman Novruz bayramının təsviri və İbrahim xanın qızı Kiçikbəyimin bulaq başına gəlməsinin təsviri ilə başlanır.
Romanın baş qəhrəmanı Vaqifdir. O, həm həssas, həm dəbacarıqlı, tədbirli bir vəzir kimi təqdim olunur. Vaqif öz ağlı, hazırcavablığı sayəsində saraya gəlir və sarayda xanlığın möhkəmləndirilməsi uğrunda çalışır. Əsərdə Vaqifin şəxsi həyatı ilə bağlı məsələlərə də geniş yer verilmişdir. İlk arvadının vəfatı, oğlu Qasım ağanın anadan yetim qalması, şairin ömrünün sonlarında 2-ci dəfə Qızxanımla evlənməsi və onunla soyuq münasibətlərinin təsviri buna sübutdur.
İbrahim xan bacarıqlı və vətənpərvər bir şəxs kimi təsvir olunur. O, Qarabağ xanlığının güclənməsi və müstəqilliyi üçün çalışır. Rusiyanın Qafqaz xanlıqlarınamünasibətindəki ayrıseçkiliksiyasətinə İbrahim xan dözə bilmir. Rusiya imperatoru II Yekaterina gürcü çarı II İraklini hökmdar kimi qəbul edir. İbrahim xana isə ona boyun əyməyi təklif edir. Romanda İbrahimxanın insanlara qarşı qəddar və amansız üsullardan istifadsə etməsi də təsvir olunur. Əsərin sonunda İbrahim xan özünü və ailəsini düşünən aciz bir adama çevrilir. O, xanlığın ağır günlərində yaxınları ilə birlikdə Balakənə qaçır.
Ağa Məhəmməd şah Qacar əsərdəki əsas mənfi surətdir. Romanda o, işğalçı və zalım bir hökmdar kimi təsvir olunmuşdur. Qulaq kəsdirmək, göz çıxartdırmaq kimi cəzalar Qacara görə çox adi, sadə cəzalardır. Qacar sonda öz adamarı tərəfindən öldürülür.
Əsərin maraqlı surətlərindən biri öz əməyi və zəhmətilə böyüyən Səfərdir. O, namuslu və ədalətli bir kəndli gəncdir. Səfər ətrafında baş verən və ona qarşı edilən haqsızlığa dözməyərək qaçaqlıq edir. Xan Səfəri edam etdirmək istəyir, lakin Vaqifin köməyilə o bağışlanır.
Səfər vətənin dar günündə qaçaqlıqdan əl çəkərək düşmənə qarşı mübarizə aparır.
Romanda xanın arvadı Şahnisə xanım, qızları Kiçikbəyim, Sənəm və Ağabəyimağa, Vaqifin sevgilisi Mədinə, Vaqifin 2-ci arvadı Qızxanım kimi qadın surətləri də vardır.
Şahnisə xanım təmizürəkləri, kövrəkqəlbli bir anadır. Qızı Kiçikbəyim Tehran bəylərbəyisi Kərim xan Zəndə ərə verilərkən o, deyir:
"Kiçikbəyim kimi bir gülü götürüb Tehrana atıram. Kim bilir qürbətdə qızımınn başına nələr gələcək?... Kaş əli qabarlı bir rəiyyət olaydım, balalarım da gözümün önündə olaydı. Tehrana qız vermək Əzrailə can vermək kimi bir şeydir. Neynəyirəm qızıl teşti ki, içinə qan qusam?"
Kiçikbəyim özü də Tehrana, tanımadığı adama ərə verilməsini istəmir.
Kiçikbəyim İbrahim xanın 2-ci qızıdır. O, əmisi oğlu Məhəmməd bəyi sevir, lakin siyasi məqsəd üçün Tehran bəylərbəyisi Kərim xan Zəndə ərə verilir.
Şairə Ağabəyimağa da xanın qızıdır. Əsərdə o, həssas qəlbli bir qız kimi yadda qalır.
Xanın digər qızı olan Sənəm surəti də diqqəti cəlb edir. O, Vaqifin şerlərini əzbər bilir və şairə məhəbbət bəsləyir. Qəfil ölüm Sənəmin arzusunu gözündə qoyur.
Məhəmməd bəy İbrahim xanın qardaşı oğludur. O, əvvəlcə vətənpərvər, müsbət bir surət kimi təsvir olunur. Sonra isə Vaqif və onun oğlu Qasımı öldürtdürən ədalətsiz bir hökmdara çevrilir.
Romanda toy, bayram və s. kimi xalq adət-ənələrindən və yeri gəldikcə təbiət təsvirlərindən də məharətlə istifadə olunmuşdur. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Fidan sən də çoxsağol . Həm diqqətə, həm də iştirakın üçün mən də minnətdaram. O vaxt məhdudluğu məndə də olduğuna görə səni yaxşı başa düşürəm, mən də çalışacam ki, yavaş-yavaş əsərlərdən buraya yazam.
O ki, qaldı dünya ədəbiyyatına məncə üzrə heç ehtiyac yoxdur. Şəxsən mənimçün çox maraqlıdır. Əlbəttə ki, öz ədəbiyyatımızı bilməli, maraqlanmalıyıq. Amma bununla yanaşı dünya ədəbiyyatını da bilmək vacibdir. Çünki ədəbiyyat ədəbiyyatdır.
Dini məlumatlara görə çox insan bu hekayəni bilir, lakin ədəbiyyat tarixində də bir çox ədiblər dünyanın, əcdadlarımızın yaranması ilə bağlı əsərlər yazmışlar. Bunlardan biri "Con Milton"un (John Milton) "İtirilmiş cənnət" (Paradise Lost) (1667) poemasıdır.
(Satan) Şeytanın Allaha qarşı mübarizəsindən bəhs edir. Tanrının orduları tərəfindən yenilməsi nəticəsində cəhənnəmə qovulan Şeytan üsyançı legionların Pandemoniumda (Şeytan sarayı) keçirilən şurasında belə qərara gəlir ki Allahın yaratdığı yeni dünyanı - cənnəti gedib tapsın. O yola düşür nəhayət cənnətə gəlib çıxır, orada Adəm və Həvvanın gözəlliyini, məsumiyyətini görüb qısqanmağa başlayır və onların "qadağa olunmuş meyvə" haqda söhbətlərini eşidir, Gabriel - ə (Cəbrayıl) xəbər verilir ki Şeytan cənnətə girib. Beləcə cənnətə iki mələk göndərilir. Şeytan yuxuda ikən Həvvanı yoldan çıxarmaq istəyən vaxt bu mələklər Şeytanı tutub Gabriel - ə aparmaq istəyirlər lakin bu zaman Şeytan yoxa çıxır.
Allah Rafaeli Adəmin yanına göndərir. Rafael onları başa salır ki Şeytana uymasınlar. Rafael Adəmə göydə pisniyətli mələklərin üsyanından (Şeytan və Allah arasındakı arasında baş vermiş müharibə) - ni nəql edir və müqabilində Adəm də Rafaelə özünün və Həvvanın necə yarandığını danışır sonra Rafael göyə qayıdır. Şeytan ilan cildinə girərək Həvvanı başdan çıxarır ki "qadağa olunmuş meyvə" ni yesin, Həvva da Adəmi başdan çıxarmağa çalışır, Adəm əvvəlcə ona iradlar tutur lakin sonra özü də o meyvədən dadır. Cənnəti qoruyan mələklər göyə çıxıb gördükləri bu hadisəni danışırlar, beləcə Adəm və Həvvaya cəza hökmü oxunur, "Günah" və "Ölüm" yer üzərinə gondərilir, Adəm ağlayır, Həvva onu təsəlli etməyə çalışır, beləcə onlar cənnətdən qovulurlar və Adəm qiyamət gününə qədər başına gələcəklərlə tanış olur. Şeytan da qalib halda sarayda öz yoldaşlarına qələbəsindən danışır.
Daxil ol: Oct 26, 2007 Mesajlar: 836 Şəhər/ölkə: Sankt-Peterburq, Rusiya..Azəriyəm 27273.6 Xal
Göndərilib: C. Yan. 25, 2008 7:47 pm Mesaj mətni:
-bu Fidana, içimdən gəldi..
Düzünü desəm, mən bu əsəri oxumamışam . Amma oxumaq istərdim, çox maraqlı oldu.
Çox sağol Fidan , minnətdaram.. _________________ Blogum: Mürəkkəb dolu qələm.
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı mesajlara cavab verə bilməzsiniz. Bu forumdakı mesajlarınızı düzəldə biməzsiniz. Bu forumdakı mesajlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.